Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

İclasın gündəliyinə verilən məsələ - Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Ali Məclisə təqdim edir.

Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Anar İbrahimov Ali Məclis adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək etmiadı ilə yeni vəzifəyə təyin olunması münasibətilə Ceyhun Cəlilovu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək etimad göstərərək onu Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığını bildirən Ceyhun Cəlilov çıxış edərək deyib ki, Azərbaycan dövləti həqiqətən də tarixinin ən qüdrətli dövrlərini yaşamaqdadır. Bunu həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə əlaqədar həyata keçirilən hərbi və diplomatik əməliyyatlardan, həm də dövlətin digər bütün istiqamətlərdə siyasətinin nəticəsində əldə etdiyi uğurlardan görürük. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan dövlətinin məqsədi Azərbaycan vətəndaşının yüksək rifahıdır.

Yeni Baş nazir qeyd edib ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulub və bu siyasət davam etdirilməkdədir. Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Bu inkişaf strategiyasının davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramın təsdiq edilməsi ilə Naxçıvan Muxtar Respublikasının inkişafına dair prioritet istiqamətlər müəyyən edilib və ölkə başçısı tərəfindən bütün istiqamətləri əhatə edən tapşırıqlar verilib. Dövlət Proqramının icrasının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümünə təsadüf etməsi bu istiqamətdə qarşıya qoyulan hədəflərin icrasında təşviqedici mexanizm qismində çıxış etdi.

Qarşıda duran vəzifələrə görə tədbirlərin kompleks və uğurla icra edilməsi məqsədilə səylərini əsirgəməyəcəyini deyən Ceyhun Cəlilov muxtar respublika rəhbərliyinə, təqdimatı yekdilliklə qəbul etdiyinə görə deputatlara təşəkkür edib.

Ali Məclisin sədr müavini Anar İbrahimov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti icra hakimiyyətini həyata keçirir. Bu, muxtar respublikada yuxarı icra orqanıdır, Ali Məclisə tabedir və müntəzəm olaraq onun qarşısında hesabat verir. Ali Məclis hökumətlə birbaşa, sıx şəkildə çalışan qurumlardan biridir. İnanıram ki, Ceyhun Cəlilovun yüksək idarəetmə bacarığı hökumətin işinə də fayda verəcək.

Ali Məclisin sədr müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirinin vəzifədən azad edilməsi Ali Məclisin həll etdiyi məsələlərə aid edilib. Yeni Baş nazirin təyin edilməsi ilə bağlı Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən, eyni zamanda Ceyhun Cəlilovun Baş nazir təyin edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrindən azad edilmələri ilə bağlı qərar layihələri hazırlanıb.

“Səbuhi Hidayət oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında” və “Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarları səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: