Baş ucaldar mərd oğul

A- A A+

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə qanları ilə tarix yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç zaman yaddaşlardan silinməyəcək. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayır və yaşayacaq. Vətən, millət yolunda canlarını fəda edənlər hər zaman hörmətlə anılacaq. Unudulmayan igid oğullarımızdan biri də Abdullazadə Tağı İlham oğludur. Qəhrəmanımızın bu gün doğum günüdür. O, 1992-ci il may ayının 4-də Sədərək rayonunun Dəmirçi kəndində dünyaya göz açır. Sədərək Rayon 1 nömrəli tam orta məktəbində təhsil alan Tağı 2010-cu ildə təhsilini başa vurur. Həmin ili müddətli həqiqi hərbi xidmətə çağrılan Tağı Abdullazadə 2011-ci ildə xidmətini başa vuraraq yaşadığı Sədərək rayonuna geri qayıdır. Vətənin igid oğlu əmək fəaliyyətinə Sədərək Rayonunun Heydərəbad qəsəbəsində tam orta məktəbdə hərbi müəllim olaraq başlayır. Tağı uzun müddət dərs deyərək hərbi sirləri şagirdlərə başa salır, vətənpərvər yetişmələri üçün çalışır. 2019-cu ildə atası ilə söhbət edən vətənin igid oğlu, Azərbaycan Milli Ordusu sıralarına daxil olmaq arzusunda olduğunu bildirir. Atasının xeyir-duası ilə o, 2019-cu ildə 3 aylıq kurs keçərək Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsində olan Quru Qoşunlarında kiçik çavuş olaraq xidmətə başlayır. Tağı Abdullazadə 2020-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələri bölməsində kiçik çavuş rütbəsi ilə xidmətinə davam edir. Hərbçi arzusuna çatan Tağının bir niyyəti qalır, o da düşmənlərdən qisas almaq... Onun bu istəyi də çox çəkmir ki, həyata keçir. 2020-ci ildə verilən əks-hücum əmrinə ürəkdən sevinən vətənin igid oğlu tabeçiliyində olduğu bölmə ilə birlikdə Vətən müharibəsinə qatılır. Döyüş yolu Füzulidən başlayan qəhrəmanımız, Hadrut , Xocavənd və Şuşa istiqamətində də gedən əməliyyatlarda iştirak edir. Döyüşlərdə cəsurluq, qorxmazlıq göstərən vətənin igid oğlu düşmən həmlələrinin qarşısını alır, bir neçə dəfə bölüyü düşdüyü mühasirədən çıxarır. Oktyabr ayının 28-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Tağı Abdullazadə aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə yüksəlir. O, noyabrın 2-də doğulduğu Sədərək rayonun Şəhidlər xiyabanında dəfn edilir.

Ailəli olan şəhidimizin 7 yaşlı oğlu Yusuf qəhrəmanımızdan bizə əmanət qalır.

Göstərdiyi şücaətlərə görə Tağı Abdullazadə şəhadətə yüksəlməsindən sonra dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Ruhunuz şad olsun Vətən oğulları! Uğrunda canınızı verdiyiniz torpaqlar indi azaddır. Qanınızla yüksəltdiyiniz üçrəngli, ay-ulduzlu bayrağımız sizlərin sayəsində bu gün bütöv Qarabağımızda dalğalanır!

Səriyyə Salahova

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: